Kitabxana haqqında
Şöbələri
Tədbirlər
Ən çox oxunan nəşrlər
Insan hüquqları
E-kitabxana
E-kataloq
Kitab abidələrimiz
Qarabağ münaqişəsi
31 Mart Soyqrımı
Normativ sənədlər
  Əlagə  
 
  Ucar rayonu  
  Kəndləri  
  Tanınmış ucarlılar  
  Muzeylərimiz  
  416-cı Taqonoroq diviziyası  
     


 

 

Ən çox oxunan nəşrlər

Elçin Hüseynbyli “METRO VADİSİ” . “VEKTOR” Nəşrlər Evi. Bakı, 2009. 390 səh.

“Metro vadisi” kitabına Elçin Hüseynbylinin 2004-2005-ci illərdə qələmə aldığı eyni adlı romanı, son hekayələri, pyesləri və publisistik məqalələri toplanıb.
Sintetik üslubda yazılmış “Metro vadisi” romanında müəllif “qadın ərinimi, yoxsa qardaşınımı çox sevir?” dilemmasına cavab axtarır və bir tarixi ədalətsizliyi, başqa bir tarixi ədalətliliklə əvəz edir.
Şirvanşahlar dönəmində baş vermiş bir tarixi olay romanda ideyalaşdırılır.
Kəskin intriqa üstündə qurulan, çevik təhkiyəli, dinamik süjetli roman çağdaş nəsr axtarışlarının layiqli nümunəsidir.


ŞƏRƏFLİ XİDMƏT, LƏYAQƏTLİ ÖMÜR. -Bakı:Hərbi Nəşriyyat, 2009.-128 səhifə

Kitabda cəsur ürəkli, soyuqqanlı, namuslu çekist Adil Zülfüqar oğlu Bağırovdan bəhs edilir.
A.Z.Bağırov ömrünün 44 ilini Azərbaycan Milli Təhlükəsizlik orqanlarında qüsursuz xidmətə
Azərbaycan xalqının mənafeyi naminə çətin, lakin çox şərəfli xidmətə həsr edib.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Cəlil Məmmədquluzadə. SEÇİLMİŞ ƏSƏRLƏRİ. Bakı “Çinar-Çap” müəssisəsi,2003,472 səh.

Kitabda görkəmli Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı Cəlil Məmmədquluzadənin (1869-1932) nəsr əsərləri, dramları və publisistikasından nümunələr toplanmışdır.

Həsənzadə Nəriman.Seçilmiş əsərləri.Bakı, “Şərq və Qərb”,2004,336 səh.

Bugünkü Azərbaycan poeziyasının keyfiyyətcə hansı səviyyədə olmasının məsuliyyətini birinci növbədə yaradıcılıq təcrübəsinə malik sənətkarlardan biri kimi Nəriman Həsənzadə də daşıyır.
Ənənəvi poeziya məktəbinin görkəmli nümayəndəsi olan şairin lirik həsbi-hallardan başlayıb epik dramatik mükalimlərlə qalxan əsərləri,üslubu müasir Azərbaycan ədəbiyyatının ideya-estetik əsaslarını müəyyən etməklə qalmır,milli ictimai şüura əhəmiyyətli təsir göstərir.
Günümüzün ağrılarının,faciələrinin,qəhrəmanlıqlarının dastanını yazan şair Azərbaycan poeziyasının həqiqətən qiymətli nümunələrini yaradır.Sözlərinə çoxlu sayda musiqi bəstələnməsi şair Nərimanın dilimizin zəngin söz xəzinəsindən necə məharətlə istifadə etdiyini göstərir.
Oxuculara təqdim olunan bu kitaba Nəriman Həsənzadənin müxtəlif illərdə qələmə aldığı şeir və poemalardan seçmə nümunələr daxil edilmişdir.

Əfəndiyev İlyas. Seçilmiş əsərləri. Üç cilddə.II cild.Bakı, “AVRASİYA PRESS”,2005,336 səh.

XX yüzillik Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərən görkəmli ədib, xalq yazıçısı İlyas Əfəndiyevin seçilmiş əsərləri üçcildliyinin II cildinə pyesləri daxil edilmişdir. “Atayevlər ailəsi”, “Hökmüdar və qızı”, “Xurşudbanu Natəvan”, “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən, yaxud boy çiçəyi”, “Sevgililərin cəhənnəmdə vüsalı” əsərlərinin hər biri milli dramaturgiyanın qızıl fonduna daxil olmuş, dərinpsixologizmi, bənzərsiz üslubu, parlaq və bitkin obrazları, çağdaşlığı ifadə edən aktual ideyaları, nəhayət dramaturji keyfiyyətləri ilə sevilib seçilmiş, öz müəllifinə halal və qibtə olunacaq şöhrət gətirmişdir.
Təqdim olunan bu əsərlər rejissor nəsillərinin yozumunda təkrar-təkrar tamaşaya qoyulmuşdur. Onların bir çoxu hazırda da səhnədədir.

Bəxtiyar Vahabzadə.Seçilmiş əsərləri. İki cilddə.I cild (şeirlər). Bakı, “Öndər Nəşriyyat”, 2004,328 səh.

Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən və Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlılıq, təkrarsız, fərdi, milli çalar Bəxtiyar şerini artıq müasir poeziyamızın tarixi-bədii faktına və hadisəsinə çevrilibdir. O, poeziyamızın dövrün ağır sınaqlarında qoruyub saxlamağı bacaran, “Öz sinəsində hər zərbəyə açıq, dərisi soyulmuş ürək gəzdirən” həqiqi milli şairdir.
Əsrin Şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir.
Oxucular dəyərli hədiyyə olan bu kitabda xalq şairinin seçilmiş şerləri toplanmışdır.

Babanlı V.Y. Ömürlük əzab.—Bakı: Pedaqogika,2003.-320 səh.

Vidadi Babanlı milli ədəbiyyatımızda həm şeir, hekayə, povest və roman ustası, həmdə publisist kimi məşhurdur. Ədibin əsərləri təkcə respublikamızda deyil, xarici ölkələrdə də çap olunaraq geniş oxucu məhəbbəti qazanmış, müəllifə şöhrət gətirmişdir.
Oxuculara təqdim olunan “Ömürlük əzab” romanı da gərgin yazıçı əməyinin məhsuludur. Romanda ülvi məhəbbət, mühüm ictimai-sosial məsələlər, psixoloji məqamlar real və dolğun boyalarla təsvir edilmişdir.

Nüsrət Kəsəmənli.Seçilmiş əsərləri.Bakı,
“Şərq-Qərb”,2004,256 səh.


Nüsrət Kəsəmənli... Azərbaycan gəncliyinin bütöv bir nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hisslərini, duyğularını ifadə etdilər.
Dünyaya şair kimi gəlib, dünyadan şair kimi gedən Nüsrət Kəsəmənlinin sehrli söz aləmində yumşaq, həlim və səmimiyyətlə qovuşuq ürəklərə axan işıqlı duyğular isindirir, düşündürür.
Poeziyamızın ənənəvi və yeni şeir formalarına istinad edərək həmişə maraqlı və orijinal lövhələr yaratmış şairin bu kitabında onun həyat, insan və cəmiyyət haqqında oxucu ilə səmimi, poetik söhbətləri toplanmışdır. Bu əsərlərində gənclik səmimiyyətini yaradıcılığı boyu qorumuş şairin mənəvi dünyası bütün zənginliyi ilə görünür.
Bu kitab ürəyi sevgi həsrətində yananlar üçün, ümidi yorulmuşlar üçün, başını əlləri arasına alıb bu dünyanı götür-qoy edənlər üçün, inciyib-küsənlər üçün və bir də sadəcə sevənlər üçündü...

Azayev Ə. Bir gecənin sirri. Bakı, “Qanun” nəşriyyatı,2004,256 səh.

Ə.Azayevin “Gecəyarısı sui-qəsd”, “Bir gecənin sirri” povestləri qanunçuluğumuzun keşiyində duran polis işçilərinin sayıqlığından danışır. Cəmiyyətimizin qara qüvvələrinə qarşı amansız mübarizə, onların islahı povestlərin əsaslı leytimotivini təşkil edir.

Zəlimxan Yaqub. Peyğəmbər(poema).
Bakı: “Pedaqogika” nəşriyyatı, 2009.-320 səh.

Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poemasında Allahın sonuncu elçisi Hz.Məhəmmədin örnək həyatı, islam dininin yer üzündə bərqərar olması uğrunda öz tərəfdarları ilə birlikdə apardığı mübarizə, bu yolda çəkdiyi məşəqqətlər və qazandığı uğurlar əlvan poetik boyalarla təsvir olunmuşdur.
Dərin araşdırmaların, nüfuzlu din xadimləri ilə məsləhətləşmələrin və ustad şair təxəyyülünün məhsulu kimi ortaya çıxan bu möhtəşəm əsərdən onu oxuyan hər kəsin bəhrələnəcəyi şübhəsizdir.


Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında. I və II cild.
Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007, 820 səh.

İnformasiya cəmiyyəti quruculuğu şəraitində kitabxanaların rolu nəzərə çarpacaq dərəcədə artır. Azərbaycanda kitabxanaların yenidən qurulması dövlətin prioritet inkişaf etdirilməsi üçün şərait yaradılır.
Mütəxəssislərin və geniş oxucu kütləsinin diqqətinə təqdim olunan bu məcmuədə Azərbaycan kitabxana tarixində ilk dəfə olaraq kitabxanalar barədə ətraflı məlumatlar və statistik göstəricilər verilmişdir.
Məcmuənin əvvəlində Azərbaycanda son 4 il ərzində kitabxana və kitab nəşri sahələrinin inkişafına təkan vermiş Azərbaycan Respublikası Prezidentinin 6 Sərəncamı verilmişdir.
1-ci cilddə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana – informasiya şəbəkəsinə daxil olan kütləvi və uşaq kitabxanaları daxil edilmişdir. 2-ci cildə isə müxtəlif nazirlik, idarə və komitələrin tabeçiliyində olan kitabxanalar daxil edilmişdir.

HEYDƏR ƏLİYEV və Mədəniyyət.3 cilddə (III cild)
Bakı, “NURLAR” Nəşriyyat – Poliqrafiya Mərkəzi, 2008,536 səh.,foto-şəkilli.


Oxuculara təqdim olunan “Heydər Əliyev və mədəniyyət” adlı toplunun üçüncü cildində Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 1999-2003-cü illərdə ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimləri ilə görüşləri, müsahibələri, tövsiyələri, milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır.
Sanballı kitab müasir mədəni yüksəlişlə maraqlanan ,ədəbiyyat və incəsənət tarixi ilə məşğul olan tədqiqatçılar, geniş oxucu kütləsi, müəllim və tələbələr üçün dəyərli mənbədir.

Azərbaycanın xarici siyasəti: Sənədlər məcmuəsi. 2008. Birinci hissə.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.
Bakı, “GARİSMA” MMC, 2009-cu il.-656 səh.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Azərbaycanın xarici siyasəti” adlı sənədlər məcmuəsinin silsilə nəşrini davam edir. Məcmuənin üçüncü buraxılışı 2008-ci ildə Azərbaycan diplomatiyası və xarici siyasətinin ən vacib sənədlərini əhatə edir.
Məcmuənin birinci hissəsini AzərTAc və digər mənbələrdə nəşr edilmiş rəsmi sənəd və materiallar təşkil edir. Onların bir nəşrdə cəmləşdirilməsi Azərbaycanın bu dövrdəki xarici siyasətini daha dolğun göstərməyə imkan verir.
Bir sıra materiallar ilk dəfə olaraq təqdim edilir. Sənədlər xronoloji ardıcıllıqla nəşr edilmişdir.
Məcmuə beynəlxalq münasibətlər sahəsində praktiki və elmi işçilər, həmçinin diplomatiya, xarici siyasət və beynəlxalq hüquq tarixi ilə maraqlanan şəxslər üçün faydalı ola bilər.
Məcmuə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Tarix-Arxiv İdarəsinin əməkdaşları tərəfindən hazırlanmışdır.

MƏRAM. Məbədə doğru gedən yol. Mir Cəlal yaradıcılığının səhnə həyatı.
-Bakı.Çaşıoğlu,2009.-377 səh.

Görkəmli Azərbaycan ədibi, alimi Mir Cəlalın zəngin yaradıcılıq irsi var. Həmin irsin bir qolu da səhnə sənətilə bağlıdır. Yazıçının pyesləri, tərcümələri və səhnələşdirilmiş əsərləri Azərbaycanın müxtəlif teatr kollektivlərində tamaşaya qoyulmuşdur. Həmin tamaşalar milli səhnə sənətimizin zəngin salnaməsinə yeni səhifələr yazmışdır. Neçə-neçə aktyor, rejissor, rəssam, bəstəkar Mir Cəlalın əsərlərinin tamaşalarında rəngarəng sənət uğurları qazanmışdır. Mir Cəlalın əsərləri teatrların repertuarında bu gün də yaşamaqdadır. Bu kitab qüdrətli söz ustasının ayrı-ayrı teatrlarda oynanılan əsərlərinin səhnə həyatı barədə elmi-nəzəri məlumat verir, bu tamaşaların bədii-estetik məziyyətlərindən söhbət açır. Müəllif ayrılıqda hər tamaşanın səhnə quruluşunun forma və məzmun prinsiplərini, fəlsəfi mahiyyətini tutarlı bədii məntiqlə təhlil edib. Kitabda həmçinin quruluşçu rejissorların, tərtibatçı rəssamların yaradıcılıqlarının poetik səciyyələri araşdırılıb. Müxtəlif tamaşalarda həm baş rolların, həm əsas rolların, həm də epizodik personajların ifaçılarının oyunları təhlil olunub. Nəticədə bir daha aydın olur ki, Mir Cəlalın möhtəşəm yaradıcılığı 70 ilə yaxındır milli səhnə sənətimizin diqqət mərkəzindədir. Mir Cəlal və teatr estetik anlayışı haqqında söhbət gedən kitabda təhlilə çəkilən mövzu zəngin elmi faktlarla tədqiq edilib.

Mir Cəlal.Seçilmiş əsərləri. -Bakı.Çaşıoğlu. Birinci kitab.

Azərbaycan ədəbiyyatı və elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Mir Cəlal Paşayevin oxuculara təqdim edilən bu kitabına müəllifin “Dirilən adam” romanı və hekayələri daxil edilmişdir. “Dirilən adam” romanı XX əsrin əvvəllərində Azərbaycanda baş verən xalq azadlıq hərəkatından, dövrün tarixi hadisələrindən, xalqın məişətindən, əsərin qəhrəmanı Qədirin və ailəsinin başına gətirilən müsibətdən bəhs edir.
Böyük hekayə ustası kimi tanınan M.C.Paşayevin kitaba daxil edilən hekayələrində sadə insanların həyatında baş verən tipik lövhələr, aktual problemlər, yumor, fəlsəfi müdriklik maraq doğurur.
Ümumilikdə Mir Cəlal yaradıcılığına xas olan qəhrəmanların təkrarolunmazlığı, fəlsəfi düşüncə tərzi, güldürən, düşündürən yumor kitabda öz əksini tapmışdır.


Mir Cəlal.Seçilmiş əsərləri. -Bakı.Çaşıoğlu. İkinci kitab.

Görkəmli ədibimiz Mir Cəlalın bu kitaba daxil edilmiş “Bir gəncin manifesti” əsəri Azərbaycan romanının ən gözəl nümunələrindəndir. Roman Azərbaycanda baş verən vətəndaş müharibəsinə həsr olunmuşdur. Əsərin əsas qəhrəmanları bir ailənin üzvü olan Mərdan, Sona və Bahar əslində o zamankı Azərbaycan kəndlisinin ümumiləşdirilmiş canlı, bədii obrazlarıdır. Bu romanda azadlıq və istiqlal uğrunda həyatını qurban verməyə hazır olan insanların böyük vətənpərvərliyi, qəhrəmanlığı coşqun romantik pafosla bədii təcəssümünü tapmışdır. Həmin illərin günahsız qurbanlarından olan balaca Baharın faciəli ölümü isə xüsusilə təsirli göstərilmişdir.
Mir Cəlalın çox zəngin hekayə yaradıcılığından bu kitabda da bir sıra nümunələr verilmişdir. “İclas qurusu”, “Özündən naxoş”, “Gərək olar”, “Plovdan sonra” və başqa hekayələrində ədibin tənqidi gülüşün müxtəlif formalarından yerli-yerində, böyük sərrastlıqla istifadə etmək məharəti diqqəti cəlb edir.


Mir Cəlalın. Seçilmiş əsərləri. -Bakı. Çaşıoğlu. Üçüncü kitab.

Görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın bu kitabına yazıçının 1958-ci ildə çap etdirdiyi “Yolumuz hayanadır” romanı və bir neçə hekayəsi daxil edilmişdir. Roman Azərbaycanın böyük satirik şairi M.Ə.Sabirə həsr olunmuşdur. Əsərdə şairin son dərəcə keşməkeşli həyatı və zəngin yaradıcılığı işıqlandırılmışdır. Əsərdəki hadisələr 1908-1911-ci illəri əhatə edir. Bu böyük Sabirin həyatında elə bir dövrdür ki, artıq şair təkcə Azərbaycanda deyil, “Molla Nəsrəddin” jurnalının oxunduğu bütün məmləkətlərdə tanınırdı. Şairin Türkiyədə, İranda, Tatarıstanda, Orta Asiyada çoxlu pərəstişkarları vardı. XX əsrin birinci rübündə Azərbaycanın ictimai həyatının mürəkkəb və çətin dövründə bütün təqiblərə “qocaman dağ kimi” tab gətirən Sabir əzəməti, yenilməzliyi romanda canlandırılmışdır. Kitabdakı hekayələr mövzu etibarı ilə çox zəngin və rəngarəngdir. “Ərik ağacı”, “Gülbəsləyən qız”, “Möhür və məhəbbət”, “Günah kimdədir”, “Sevinc haqqında” və s. hekayələrdə səmimi təhkiyə, mənalı yumor, dəqiq psixoloji təhlil öz ifadəsini tapmışdır.

Reklam banerləri