416-cı Taqanroq diviziyası -
Ucardan başlanan zəfər yolu
1942-ci
ilin fevralından başlayaraq Azərbaycanın Ucar, Göyçay, Şəmkir
zonasında və Ələtdə təşkil edilən 416-cı milli diviziyada
şəxsi heyətin 92%-i Azərbaycan türkləri idi. 416-cı milli
diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır.
Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun
tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna
göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda
döyüşlərin ən şiddətli dövrü idi.
Almaniyanın “Çənub” ordu qrupu komandanlığına 1942-ci ilin
25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi.
1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə
daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala
istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi.
Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə
daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni
döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya
hücuma keçdi.
1943-cü ilin yanvarının əvvəlinə qədərki dövrdə diviziyanın
döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərlə
keçərək, növbəti döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın
komandirlərindən biri polkovnik (az sonra general-mayor) Tərlan
Əliyarbəyov idi.
1942-ci
ilin noyabrında Şimali Qafqazdan başlanan əks hücumlar nəticəsində
üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov
istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı.1943-cü
ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövründə
hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500
nəfər yeni döyüşçü göndərilmişdi.
416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində
başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya
28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad
edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə
ona “Taqanroq diviziyası” fəxri adı verildi. Milli diviziya
1943-cü ilin sentyabrında Azərbaycandan öz tərkibinə 2500
nəfər yeni döyüşçü heyəti adlı və müvafiq hazırlıqdan sonra
oktyabrın 10-dan başlayaraq növbəti döyüşlərə başladı və Nikolayev
şəhərinin düşməndən azad edilməsində fəal iştirak etdi.
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində
5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnestr çayını
keçdi və döyüşlərdə Dnepr çayı sahillərinə çıxdı.
Dneprin keçilməsində qəhrəmanlıq göstərdiklərinə görə Mikayıl
Ələkbərov, Bahəddin Mirzəyev, Ablul Vəliyev, Fəriz Səfərov
və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq
görüldülər.
Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına
çatdı və onun düşməndən azad edilməsində fəal iştirakına görə
II dərəcəli Suvorov ordeni ilə təltif edildi.
1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna
cəbhəsi tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında
və Moldaviyanın paytaxtı Kişinyov şəhərinin və bütün Moldaviyanın
azad edilməsində fəal iştirak etdi.
1945-ci
ilin martında diviziyanın 1054-cü alayı “Qırmızı bayraq” ordeni,
1368- ci alayı-“Boqdan Xmelnitski” ordeni, 44-cü divizionu
isə “Aleksandr Nevski” ordeni ilə təltif edilmişdi. 1945-ci
ilin yanvarında Sovet ordusu bütün cəbhələrdə hücuma keçmişdi
və əsas istiqamət Varşava-Berlin istiqaməti idi.
416-cı diviziya I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə
ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək,
Varşavanın azad edilməsində iştirak etdi və Oder çayının qərb
sahilinə çıxaraq, düşmənin Kyustrin şəhərini zəbt etdi. Berlinə
ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya
var idi.
Diviziya 1-də Berlinə daxil oldu. Berlin uğrunda döyüşlərdə
kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqləndi. Kayzerin
sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan
biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu.
Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan
biri isə leytenant A.Məcidov və onun döyüşçüləri oldular.
Qafqazdan Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan Milli
diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar
Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın
qərargah rəisi) komandirlik etmişdir.
|